“22 aprel- Beynəlхalq Yer Günü” ilə əlaqədar iməcilik keçirilib
21 Aprel 2018, 00:00
“Beynəlхalq Yer Günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 21 aprel 2018-ci il tarixində Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 30-cu kilometrliyində mövcud olan yaşıllıqlara qulluq edilməsi məqsədilə iməcilik keçirilib.
İməcilikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələri iştirak edib.
Aksiyada sözügedən ərazinin 12 hektar sahəsində abadlıq işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib və ərazi alaq otlarından təmizlənib.
Qeyd edək ki, “22 aprel-Beynəlxalq Yer günü” ilə əlaqədar regionlarda da Nazirliyin yerli qurumları tərəfindən iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.
Xatırladaq ki, “Beynəlxalq Yer günü”nün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi ABŞ-ın Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanıb. 1970-ci ildən sonra isə ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer günü” adlandırılıb.