Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

16 Aprel 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli yağış nəticəsində respublikanın bəzi çaylarında qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz  bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 80-180, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 30  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

Aprelin 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 545 m3/s olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 414 m3/s olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 82 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 253 m3/s olmaqla, ongünlük normanın 151 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 138 m3/s təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 16-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 37, Şirvanda 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 40 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində 14 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 sm (2017-ci il aprelin 16-da 406 sm), Şirvanda 187 sm (2017-ci il aprelin 16-da 281 sm), Salyanda 111 sm (2017-ci il aprelin 16-da 222 sm), Bankədə 174 sm (2017-ci il aprelin 16-da 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 sm (2017-ci il aprelin 16-da 105 sm) təşkil edir.