Xəbərlər

“Azərbaycanın heyranedici dağları”

23 Yanvar 2014, 00:00

ABŞ-dan olan Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) sədr müavini, Dağçılıq və Dırmanma üzrə Beynəlxalq Federasiyanın (UIAA) Dağların Mühafizəsi üzrə Komissiyasının prezidenti xanım Linda Makmilan 2013-cü ilin oktyabr ayının sonlarında Bakıda keçirilən “Dünyanın dağlıq regionlarında turizmin davamlı inkişafı üçün dağ idman növlərinin Qafqaz nümunəsində mühüm rolu” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycanda olub.
O, konfrans çərçivəsində Şirvan, Şahdağ Milli Parklarını və Qobustan Dövlət Tarix-Bədii Qoruğunu gəzib. Amerikaya qayıdandan sonra xanım Linda Makmilan öz ölkəsində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) və Mühafizə Olunan Ərazilər üzrə Dünya Komissiyasının (WCPA) təsis etdiyi “Mühafizə Olunan Dağlıq Ərazilər” adlı bülletenin dekabr sayında “Azərbaycanın heyranedici dağları” başlıqlı məqalə ilə öz təəssüratlarını bölüşüb:

“Oktyabrın sonlarında həyat yoldaşım və mən Bakı şəhərində yerləşən Qərb Universitetinin şəhərciyində keçirilən davamlı dağ turizminin inkişafı üzrə beynəlxalq konfransda iştirak etməkdən zövq aldıq. Dunyada on bir iqlim qurşağından doqquzu Azərbaycanda mövcuddur və yarıdan çoxu dağlar ilə əhatə olunur. Azərbaycanda 2003-cü ildən doqquz milli park yaradılıb. Yerli ekoloqlar bizim üçün qorunan ərazilərlə və milli parklarla tanışlıq səfəri təşkil etdi: Şirvan Milli Parkı, Şahdağ Milli Parkı və UNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına salınan Qobustan.
Qobustan-rəsmi Qobustan Dövlət Tarix-Bədii Qoruğu kimi tanınır və inanılmaz mənzərəyə malikdir! Baş Qafqaz silsiləsi ərazisində yerləşir, orada təkcə üzərində qədim insanların minilliklərə aid qayaüstü təsvirləri və izləri deyil, həmçinin dağlar, palçıq vulkanları (sol tərəfdə) və “yanar da𔝠(aşağıda) mövcuddur.
Şirvan Milli Parkı Xəzəryanı hissədə yerləşir, gözəl ceyran (Gazella subgutturosa) və su quşlarının bir çox populyasiyaları ilə tanınır. Bir çox ceyran sürüsü onların bərpası üçün qonşu Gürcüstana və Qafqazın digər hissələrinə yola salınıb.
Şahdağ Milli Parkı 2006-cı ildə yaradılıb və bütün Qafqaz regionunda ən böyük milli park hesab olunur. Səfərimiz zamanı biz Azərbaycanın ən yüksək dağı, möhtəşəm Bazardüzü zirvəsinin mənzərəsindən zövq aldıq. Çox mehriban ərazi bələdçiləri və meşəbəyləri bizi yüksək hündürlükdəki tədqiqat stansiyalarında, sonra isə dağ yamaclarında gəzdirdilər. Bizim son təyinatımız Bazardüzü massivi idi, həm isti və günəşli, həm də zirvəsi qarla ortülü olan bu yer çox əsrarəngiz idi. Bələdçilər bizim üçün masa və oturacaqlar qurdular, sonra “təbii-alovlu daşlar” ilə hamımız üçün unudulmaz isti nahar hazırladılar. Həqiqətən unikaldır!