Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (fevral ayının II ongünlüyü)

21 Fevral 2018, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə fevral ayında növbəti monitorinq həyata keçirib.

Fevral ayının II ongünlüyündə Kür çayında suyun sərfi fevral ayının I ongünlüyünə nisbətən  32  m3/san  artaraq  198  m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

Fevral ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə və Bəhramtəpədə 2, I Şahsevəndə 3 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.44-7.02 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.