Şikayət yerində araşdırılıb
04 May 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ağsu rayonu Nüydü bələdiyyəsinin mülkiyyətinə məxsus “Xasıdərə” adlanan ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.
Əraziyə keçirilən baxış zamanı sözügedən ərazidə yaşköküstə müxtəlif diametrli və cinsli 98 ədəd ağacın qanunsuz kəsildiyi məlum olub.
Araşdırma zamanı Nüydü bələdiyyəsinin mülkiyyətinə məxsus “Xasıdərə” adlanan torpaq sahəsindəki ağacların həmin ərazidə yerləşən “Şöhrətoğlu” ailəvi istirahət mərkəzinin rəhbəri Novruz Gülməmmədovun göstərişi ilə kəsildiyi və təbiətə 20700 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun qaydada akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib.
Faktla bağlı cinayət işi açılıb və hazırda araşdırma aparılır.