Xəbərlər

Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdradı qəbul edib

14 Sentyabr 2017, 00:00

14 sentyabr 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Hüseyn Bağırovla Azərbaycanda səfərdə olan Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad arasında görüş olub.
Görüşdə H.Bağırov son illərdə Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq sahədə əldə edilən nailiyyətlərdən danışıb, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli istiqamətində ölkədə görülən ardıcıl işləri diqqətə çatdırıb.
Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad isə Azərbaycanda son illər iqtisadiyyatın müxtəlif sahələrində, eləcə də ekologiya sahəsində əldə edilən uğurların şahidi olduğunu bildirib.
Görüş zamanı ikitərəfli əlaqələrin inkişafı ətrafında fikir mübadiləsi aparılıb, dağ-mədən sahəsində Azərbaycan şirkətləri Surinamda fəaliyyət göstərməyə dəvət olunub və bunun üçün əlverişli iqtisadi mühitin olduğu bildirilib.
Azərbaycanda meşələrin az olması, sənaye qırıntılarından imtina edilməsi və ağac materiallarının xaricdən gətirilməsinin təşviq edildiyi qonağın diqqətinə çatdırılıb. Surinam ərazisində geniş meşələrin mövcudluğu ilə bağlı Azərbaycanın həmin ölkədən ağac idxal etməkdə maraqlı olduğu bildirilib, ağac və ağac materiallarının region ölkələrinə Azərbaycan vasitəsilə ixracı üçün tranzit imkanlarının öyrənilməsi barədə razılığa gəlinib.
Qeyd edək ki, Surinam Respublikasının Maliyyə naziri Jilmor Hoefdrad ölkəmizlə yaxından tanış olmaq və ikitərəfli əlaqələrin gələcək perspektivlərini müzakirə etmək məqsədilə Azərbaycanda səfərdədir.