Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
12 İyun 2017, 00:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli yağış nəticəsində bəzi çaylarda sululuq artıb, iyunun 10-da Gorançay çayından isə qısamüddətli daşqın keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 12-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 49 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 393 m3/s olmaqla ongünlük normanın 67 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 627 m3/s olmaqla ongünlük normanın 106 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 118 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 365 m3/s təşkil edərək ongünlük normanın 216 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyunun 12-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 5, Şirvanda 6, Bankədə 7 sm artım qeydə alınıb, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 338 sm (2016-cı il iyunun 12-də 389 sm), Şirvanda 201 sm, Salyanda 130 sm (2016-cı il iyunun 12-də 148 sm), Bankədə 180 sm (2016-cı il iyunun 12-də 200 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2016-cı il iyunun 12-də 80 sm) təşkil edir.