Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
06 İyun 2017, 00:00
16-31 may 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 165 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 42 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 50 iş üzrə 61650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 23 iş üzrə 66748,22manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 234 iş üzrə 74420,09 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 37, icra qurumlarına 50, məhkəmələrə isə 4 iş göndərilib.