Ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyəti araşdırılıb
19 Aprel 2017, 00:00
01-15 aprel 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 142 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 34 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə, 44 iş üzrə 100650 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 20 iş üzrə 50349,75manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 245 iş üzrə 47306,74 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına və icra qurumlarına 26, məhkəmələrə isə 2 iş göndərilib.