Xəbərlər

İctimai Ekoloji Şuranın növbəti iclası olub

26 Dekabr 2013, 00:00

25 dekabr 2013-cü il tarixində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında yaradılmış İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib. Qeyri-hökumət təşkilatlarından 40-a yaxın nümayəndənin iştirakı ilə keçirilən iclasda “Azərsu” ASC tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuş
“Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sisteminin Master Planı”nın layihəsi müzakirəyə çıxarılıb.
İclası Şuranın sədri Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov giriş sözü ilə açaraq müzakirəyə çıxarılan məsələ barədə Şura üzvlərinə ümumi məlumat verib.
Sonra ETSN-nin Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov çıxış edərək “Master Plan”ın məqsədini, layihənin 2035-ci ilədək müddəti əhatə etməklə əhalinin və sənayenin artım tempi nəzərə alınmaqla hazırlandığını, təqdim olunmuş planda Abşeron yarımadasının su təlabatının mənbələr üzrə ödənilməsini, formalaşan tullantı sularının əsasən özüaxımlı rejimdə axıdılması prinsipi əsas götürülərək iridiametrli tunel və kollektorların tikintisi işlərinin nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda Abşeron yarımadasında formalaşan yağış sularının relyef amili nəzərə alınmaqla ayrıca şəbəkə vasitəsilə təbii su tutarlara axıdılması məsələsi də diqqətə çatdırılıb.
Daha sonra müzakirəyə çıxarılan məsələ ilə əlaqədar Şura üzvlərindən “Ekoloji Proqnozlaşdırma Milli Mərkəzi”nin sədri Telman Zeynalov, "Energetika və Ekologiya Maarifçilik" İctimai Birliyinin sədri Vaqif Əliyev, “Davamlı İnkişaf Cəmiyyəti”nin sədri Fikrət Cəfərov, “Hüquqi düşüncə” İctimai Birliyinin sədri Samir İsayev, “Heyvanların mühafizə cəmiyyəti”nin sədri Azər Qarayev, “Ornitologiya Cəmiyyəti”nin sədri Elçin Sultanov, “Beynəlxalq Ekoenergetika Akademiyası”nın prezidenti Fəqan Əliyev, “Mühit” Ekoloji Mühafizə İctimai Birliyinin sədri Əzizağa Hümbətəliyev, “İnsan və Ətraf Mühit” İctimai Birliyinin sədri İsmayıl İsmayılov, “Davamlı İnkişaf” Araşdırmalar Mərkəzinin direktoru Nəriman Ağayev, “İqlim Dəyişmələri və İnkişaf” QHT Alyansının koordinatoru Aytəkin Əsgərova və digərləri çıxış edərək rəy və təkliflərini bildiriblər.
Yekunda Şura üzvlərindən ibarət İşçi Qrup yaradılaraq rəy və təkliflərin aidiyyəti üzrə ETSN-yə təqdim olunması və ümumiləşdirilərək Nazirlik tərəfindən hazırlanan rəydə nəzərə alınması qərarlaşdırılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziri yanında İctimai Ekoloji Şura respublikada həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökümət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədilə yaradılıb.