Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (noyabr ayının III ongünlüyü üçün)

02 Dekabr 2013, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 5 m3/san azalaraq 132 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçayda fenollar 4, mis birləşmələri 2, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Noyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Bəhramtəpədə və I Şahsevəndə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6,00-6,40 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.