Xəbərlər

03-04 oktyabr Ümumdünya quşların müşahidəsi və heyvanların mühafizəsi günüdür

04 Oktyabr 2012, 00:00

03 oktyabr “Birdlife İnternational” təşkilatının təklifi ilə bütün dünyada “Ümumdünya Quşların Müşahidəsi Günü” kimi keçirilir. Həmin günün qeyd olunmasının məqsədi geniş kütləni quşların yaşam tərzi barədə məlumatlandırmaq, onların mühafizəsi problemlərinin, o cümlədən insanların fəaliyyəti və ətraf mühitin çirklənməsi nəticəsində bəzi növlərin sayının azalması, yaxud kökünün kəsilmək təhlükəsi altında olmasını diqqətə çatdırmaq, həmçinin quşları təbii biotoplarında öyrənmək, keçirilən aksiyalara daha çox insan cəlb etməklə onları daha çox quş növləri ilə tanış etməkdir.
Həmçinin, 04 oktyabr 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların Mühafizəsi Günü”nün təsis olunması barədə Qərar qəbul edilmişdir. Həmin tarixdən etibarən hər il bu gün bir çox dünya ölkələrində təbiətsevərlər tərəfindən qeyd olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi, ölkənin ekoloji problemlərinin həllinə yönəlmiş fəaliyyətində bioloji müxtəlifliyin qorunub saxlanılması, xüsusən heyvan və quş növlərinin mühafizəsi və öyrənilməsi xüsusi yer tutur.
Bu məqsədlə Altıağac Milli Parkı nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiyası Klinikası yaradılmışdır. Mərkəzin əsas məqsədi qeyri”“qanuni əldə edilmiş heyvan və quş növlərinin reabilitasiya edilərək vəhşi təbiətə uyğunlaşdırıldıqdan sonra təbiətə buraxılması, nadir və sayı azalmaqda olan heyvan növlərinin süni və yarımqapalı şəraitdə saxlanılmasının təşkili, sayının artırılması, bərpası və təbiətə qaytarılması işlərinin aparılmasından ibarətdir. Keçən müddət ərzində Mərkəzdə reabilitasiyasını başa vuran canlılar dəfələrlə ictimaiyyətin iştirakı ilə vəhşi təbiətə buraxılmışdır.
Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə yaşamasına, onların sayının qısa müddət ərzində təbii yollarla artmasına, nadir heyvan növlərinin populyasiyasının bərpa olunmasına şərait yaradır.
Son illər Nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hazırda ölkəmizdə ümumi sahəsi 881 min hektaradək Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi, o cümlədən 8 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 Dövlət Təbiət Yasaqlığı mövcuddur və onların sahəsi ölkə ərazisinin təqribən 10,2 faizini təşkil edir.