Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (avqust ayının 3-cü ongünlüyü üçün)

04 Sentyabr 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayının III ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirmişdir.
Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 0.2 m3/san artaraq 80.4 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda fenollar və mis birləşmələri 2, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.04-5.82 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.