Xəbərlər

“Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda yay məktəbinin açılışı olub

29 Avqust 2012, 00:00

29 avqust 2012-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA beynəlxalq (Ətraf Mühit Naminə beynəlxalq Dialoq) kampaniyasının birgə təşkilatçılığı ilə keçirilən “Ətraf mühitin indiki və gələcək nəsillər naminə mühafizəsi” mövzusunda yay məktəbinin açılışı olub.
Açılışda iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan bəhs edərək, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyini qeyd etmişlər.
Daha sonra IDEA kampaniyasının nümayəndəsi Ramiz Babayev gənclərin ətraf mühitin qorunması istiqamətində praktiki biliklərinin artırılmasının zəruriliyini qeyd etməklə yanaşı, gənclərin layihə çərçivəsində dinlənilən mühazirələrdən maksimum faydalanacaqlarına inandığını bildirmişdir.
Layihə çərçivəsində ali təhsil müəssisələri tələbələri və məzunları arasında ətraf mühitin mühafizəsinin vacibliyi ideyalarını geniş təbliğ etmək məqsədilə 50-yə yaxın gəncə bir həftə ərzində mühazirələr oxunacaq və görülmüş işlərlə onlar yerində tanış olacaqlar.
Yay məktəbinin iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, Azərbaycan Respublikasının ekoloji siyasəti, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, ətraf mühit üzrə monitorinqin aparılma metodikası, yaşıl iqtisadiyyat davamlı inkişafın əsasıdır, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda mühazirələrin oxunması və görülmüş işlərin nümayiş etdirilməsi, həmçinin ekskursiyaların təşkili nəzərdə tutulmuşdur.
Layihənin məqsədi gənclərin ətraf mühit və təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji mədəniyyət səviyyəsinin təkmilləşdirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasından ibarətdir.