Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

29 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə iyunun 28-də günün ikinci yarısından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Böyük və Kiçik Qafqazın əksər çaylarında suyun səviyyəsi artmışdır. Belə ki, Kiçik Qafqazın Dəstəfurçay çayında suyun səviyyəsində 150 sm, Gorançayda 48 sm, Gəncəçayda 22 sm,
Kürəkçayda 4 sm, Böyük Qafqazın Qusarçay çayında 3 sm, Qudiyalçayda 4 sm artım müşahidə olunmuşdur. Qax rayonu ərazisindən axan Ağsuçay, Hamamçay, Kürmükçay çaylarından qısamüddətli daşqın, Gorançay (Goranboy rayonu) və Dəstəfurçaydan ( Daşkəsən rayonu) isə sel keçmişdir.
Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 55-115, Kiçik Qafqazın çaylarında 55-145, Lənkəran-Astara bölgəsi çaylarında 70-110, Naxçıvan MR çaylarında isə 45-50 faizini təşkil edir.

Tranzit çaylarda hazırkı vəziyyət

Son günlərdə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunmuşdur. Lakin iyunun 29-da suyun səviyyəsində 5 sm artım qeydə alınmışdır. Hazırda məntəqədə su sərfi 127 m3/s, ongünlük normanın 31 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 2 dəfə çox olmaqla 277 m3/s və ongünlük normanın 68 faizini təşkil etmişdir.
Qanıx çayının Əyriçay məntəqəsində isə son dörd gün ərzində suyun səviyyəsində 12 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 86 m3/s olmaqla, ongünlük normanın 49 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə 2 dəfə yüksək olmaqla 176 m3/s təşkil etmiş və ongünlük normanın 106 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırkı vəziyyət

Kür çayının aşağı axınında son dörd gün ərzində suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, iyunun 26-dan başlayaraq Surra məntəqəsində suyun səviyyəsi 10 sm, Şirvanda 8 sm, Salyanda 13 sm, Bankədə 10 sm, Araz çayının Novruzlu məntəqəsində isə 4 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 370 sm (2011-ci il iyunun 29-da 530 sm), Şirvanda 232 sm (2011-ci il iyunun 29-da 441 sm ), Salyanda 190 sm (2011-ci il iyunun 29-da 491 sm), Bankədə 223 sm (2011-ci il iyunun 29-da 311 sm), Araz çayının Novruzlu məntəqəsində isə 101 sm (2011-ci il iyunun 29-da 265 sm) təşkil edir.