Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (iyun ayının II ongünlüyü üçün)

21 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi I ongünlüyünə nisbətən 157 m3/san azalaraq 160 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri və fenollar 3, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
İyun ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində fenollar 3, mis birləşmələri isə 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.34-6.64 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.