Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 18 iyun 2012-ci il tarixində Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 60-110, Kiçik Qafqazın çaylarında 55-85, Lənkəran-Astara bölgəsi çaylarında 50-110, Naxçıvan MR çaylarında isə normanın 10-15 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
İyunun 17-də yağan yağışlarla əlaqədar Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunmuşdur. Lakin iyunun 18-də səviyyə 7 sm azalmışdır. Hazırda məntəqədə su sərfi 156 m3/san olmaqla, ongünlük normanın 26 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 3 dəfə çox olmaqla 457 m3/san və ongünlük normanın 77 faizini təşkil etmişdir.

Qanıx çayının Əyriçay məntəqəsində isə son günlərdə suyun səviyyəsində nisbətən azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 114 m3/san olmaqla, ongünlük normanın 67 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə 2 dəfə yüksək olmaqla 272 m3/san təşkil etmiş və ongünlük normanın 161 faizinə bərabər olmuşdur.
Kür çayının aşağı axınında hazırki vəziyyət
Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmuşdur. Belə ki, iyunun 14-dən başlayaraq Surra məntəqəsində suyun səviyyəsində 27 sm, Şirvanda 26 sm, Salyanda 20 sm, Bankədə 18 sm, Araz çayının Novruzlu məntəqəsində isə 30 sm artım müşahidə olunmuşdur.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2011-ci il iyunun 18-də 673 sm), Şirvanda 242 sm (2011-ci il iyunun 18-də 583 sm ), Salyanda 203 sm (2011-ci il iyunun 18-də 568 sm ), Bankədə 235 sm (2011-ci il iyunun 18-də 351 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2011-ci il iyunun 18-də 415 sm) təşkil edir.