Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

12 İyun 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə 12 iyun 2012-ci il tarixində Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 65-70, Kiçik Qafqazın çaylarında 60-85, Lənkəran-Astara bölgəsi çaylarında 65-80, Naxçıvan MR çaylarında isə normanın 20 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət

İyun ayının 1-dən etibarən Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 89 sm azalma müşahidə olunmuşdur. Hazırda məntəqədə su sərfi 175 m3/s olmaqla, ongünlük normanın 30 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm 2,7 çox olmaqla 460 m3/s və ongünlük normanın 78 faizini təşkil etmişdir.

Qanıx çayının Əyriçay məntəqəsində isə iyun ayının 1-dən etibarən suyun səviyyəsində 37 sm azalma müşahidə olunmuşdur. Məntəqədə su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu illə müqayisədə iki dəfə yüksək olmaqla 304 m3/s təşkil etmiş və ongünlük normanın 180 faizinə bərabər olmuşdur.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyun ayının 1-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunmuşdur. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 19 sm, Şirvanda 28 sm, Salyanda 20 sm, Bankədə 13 sm, Araz çayının Novruzlu məntəqəsində isə 24 sm azalmışdır.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 356 sm (2011-ci il iyunun 12-də 682 sm), Şirvanda 217 sm (2011-ci il iyunun 12-də 601 sm ), Salyanda 183 sm (2011-ci il iyunun 12-də 560 sm ), Bankədə 219 sm (2011-ci il iyunun 12-də 349 sm), Araz çayının Novruzlu məntəqəsində isə 74 sm (2011-ci il iyunun 12-də 413 sm) təşkil edir.