Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (aprel ayının II ongünlüyü üçün)

23 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Aprel ayının II ongünlüyündə Kür çayında suyun sərfi aprel ayının I ongünlüyünə nisbətən 484 m3/san artaraq 778 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Aprel ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.10-6 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.