Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

18 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə aprelin 16-sı axşamdan 17-si səhərədək yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin ərazisindən axan Kişçay, Şinçay, Əyriçay və Başdaşağılçay çaylarında sululuq artmış, qısamüddətli daşqın keçmiş və nəticədə aprelin 18-də Qanıx çayında suyun səviyyəsi 23 sm artmışdır. O cümlədən, Quba-Xaçmaz bölgəsinin ərazisindən axan Qusarçayda suyun səviyyəsi 64 sm, Qudiyalçayda 7 sm, Vəlvələçayda isə 25 sm artmışdır.
Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 200-240, Kiçik Qafqazın çaylarında 130-200, Lənkəran-Astara bölgəsi çaylarında 85-105, Naxçıvan MR çaylarında isə 25-30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 770 m3/s olmaqla, ongünlük normanın 104 faizini təşkil edir (2011-ci ildə 426 m3/s olmaqla 57 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 224 m3/san olmaqla, ongünlük normanın 168 faizini təşkil edir (2011-ci ildə 276 m3/s olmaqla 164 faiz təşkil edirdi).

Kür çayının aşağı axınında hazırki vəziyyət
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 586 sm (2011-ci il aprelin 18-də 541 sm), Şirvanda 502 sm (2011-ci il aprelin 18-də 436 sm ), Salyanda 426 sm (2011-ci il aprelin 18-də 358 sm ), Bankədə 321 sm (2011-ci il aprelin 18-də 277 sm), Araz çayının Novruzlu məntəqəsində isə 300 sm (2011-ci il aprelin 18-də 235 sm) təşkil edir.