Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (mart ayının III ongünlüyü üçün)

04 Aprel 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Mart ayının III ongünlüyündə Kür çayında suyun sərfi mart ayının II ongünlüyünə nisbətən 24 m3/san artaraq 153 m3/san təşkil etmişdir.
Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda fenollar 2, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Mart ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevən məntəqəsində fenollar 3, mis birləşmələri 4, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri isə 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.54-6.00 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.