Xəbərlər

Respublika çaylarında yaz-yay gursululuq dövrünün və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır

30 Mart 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2012-ci ilin mart ayında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarındakı qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədilə qarölçmə işləri aparmışdır.
Qarölçmə işləri Böyük Qafqazda 580-2920 m yüksəklikləri əhatə etməklə 16, Kiçik Qafqazda 900-3000 m yüksəklikləri əhatə etməklə 7, Naxçıvan MR-da isə 5 marşrut üzrə həyata keçirilmişdir.
Aparılan ölçmə işləri nəticəsində məlum olmuşdur ki, Kiçik Qafqazın yüksək dağlıq çay hövzələrində qar örtüyü 2011-ci illə müqayisədə az olsa da çoxillik normadan çox, Böyük Qafqazın yüksək dağlıq çay hövzələrində isə qar su ehtiyatı həm çoxillik norma, həm də 2011-ci illə müqayisədə daha çox olmuşdur.
Belə ki, Qanıx çayının hövzəsində qar örtüyünün orta sululuğu 237 mm (norma 77,9 mm), Əyriçay hövzəsində 153 mm (norma 72,8 mm), Şirvan çaylarının hövzələrində 221 mm (norma 53,6 mm), Böyük Qafqazın şimal-şərq yamacında 112 mm (norma 59,7 mm), Kiçik Qafqazın şimal-şərq yamacında 67,9 mm (norma 57,3 mm), Naxçıvan MR çaylarının hövzələrində 102 mm (norma 67,1 mm) təşkil edir.
Departament tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə aparılmış ekspedisiya, eyni zamanda aylıq və fəsillik hava proqnozları məlumatları nəzərə alınmaqla Respublikanın çaylarında 2012-ci ilin aprel-iyun ayları üçün yaz gursululuğunun, iri su anbarlarına gələn axımın, yüksək dağ çaylarının, transsərhəd çayların və daşqın hadisələrinin axım proqnozu hazırlanmışdır.
Aprel-iyun ayları üçün gursululuq dövrünün proqnozu aşağıdakı kimidir:

Transsərhəd çaylar üzrə
Kür çayından Şəmkir su anbarına axım normanın 108-126, Qanıx çayından Mingəçevir su anbarına axım normanın 124-158, Araz çayından Araz su anbarına axım isə normanın 101-121 faizini təşkil edəcəyi gözlənilir.

Respublikanın dağ çayları üzrə
Böyük Qafqazın cənub-qərb (Balakən-Şəki) yamacı çaylarında sululuq normanın 125-165, şimal-şərq (Quba-Xaçmaz) yamacı çaylarında sululuq normanın 100-120, Kiçik Qafqazın (Daşkəsən-Gədəbəy) çaylarında 100-110, Naxçıvan MR çaylarında 105-115, Lənkəran-Astara bölgəsi çaylarında isə normanın 90-100 faizini təşkil edəcəyi gözlənilir.
Gursululuq dövrünün xüsusən də aprel və may aylarının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda gözlənilən leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın cənub-qərb yamacının (Balakənçay, Kişçay, Şinçay, Talaçay, Kürmükçay, Göyçay, Girdimançay, Ağsuçay), şimal-şərq yamacının (Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay), Kiçik Qafqazın (Gəncəçay, Kürəkçay, Zəyəmçay, Şəmkirçay, Qoşqarçay), Naxçıvan MR-ın (Naxçıvançay, Cəhriçay, Gilançay, Əlincəçay) və Lənkəran-Astara bölgəsinin (Lənkərançay, Viləşçay, Vəşəruçay, Astaraçay) çaylarından daşqın və sellərin keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin proqnozlarına əsasən aprel ayında temperaturların normadan yuxarı olması və Böyük Qafqazın cənub-qərb ərazilərinə normadan çox yağan qarın ərimə dinamikasının artması, aprel-may aylarının bəzi günlərində intensiv yağışların yağması aprel və may aylarında Kürün aşağı axınında səviyyələrin artmasına və bəzi ərazilərdə su basma hallarının baş verməsinə səbəb ola bilər.