Xəbərlər

Altıağac Milli Parkı ərazisində 1-ci səviyyəli atmosfer havasının fon monitorinqi stansiyası fəaliyyətə başlayıb

02 Mart 2012, 00:00

Azərbaycan Respublikası tərəfindən 2002-ci ildə ratifikasiya edilmiş BMT-nin Avropa İqtisad Komissiyasının “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvesiya”sının “Avropada hava çirkləndiricilərinin böyük məsafələrə yayılmasına nəzarət edilməsi və yayılmanın qiymətləndirilməsinin birgə proqramı” (EMEP) çərçivəsində
Norveç Hava Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Kimya Koordinasiya Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Altıağac Milli Parkı ərazisində quraşdırılan atmosfer havasında transsərhəd çirkləndiriciləri təyin edən 1-ci səviyyəli atmosfer havasının fon monitorinqi stansiyası (EMEP) 2012-ci ilin fevral ayından fəaliyyətə başlamışdır.
Qeyd edək ki, Almaniyanın “Abacus Analytical Systems GmbH” şirkətinin istehsalı olan xromotoqraf sistemi, avadanlıqlar və cihazlar Lüksemburq Hersoqluğundan alınmışdır. Həmin cihazlar vasitəsilə kationların, anionların, qaz halında çirkləndiricilərin təyin edilməsi nəzərdə tutulmuşdur.
Sözügedən stansiyadan əldə edilən məlumatlar əsasında iqlim dəyişmələri, çirkləndiricilərin transsərhəd daşınmasının dinamikası, atmosfer havasının çirkləndirilməsinin ətraf mühitə, insan sağlamlığına təsiri müəyyən ediləcək, həmçinin elmi-praktik proseslər tədqiq olunacaq, proqnozlar veriləcək və əldə olunan nəticələrlə bağlı Konvensiyanın aidiyyatı tədqiqatlar mərkəzi ilə mütəmadi mübadilələr aparılacaqdır.
Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Çirklənməsinin Monitorinqi Mərkəzinin Spektrometriya və Xromatoqrafiya Laboratoriyası müvafiq kimyəvi standartlar və reaktivlərlə təmin edilmişdir. Mərkəzdə quraşdırılmış DİONEX İCS-1100 ion xromotoqrafik sisteminin işə salınması, stansiyaya göndəriləcək filtrlərin hazırlanması, nümunələrin kimyəvi emalı, standart və məhlulların hazırlanması, cihazda müxtəlif texniki prosedurların yerinə yetirilməsi ilə əlaqədar laboratoriyanın mütəxəssisləri ilə təlimlər keçirilmişdir.
Stansiya Respublika ərazisində mövcud atmosfer havasının çirklənməsinin monitorinqi sisteminə daxil edilmişdir.
Məlumat üçün bildiririk ki, BMT-nin Avropa İqtisadi Komissiyasının üzvü olan 55 ölkədən 48-i “Böyük Məsafələrdə Havanın Transsərhəd Çirkləndirilməsi Haqqında Konvensiya”nı (Cenevrə 1979) ratifikasiya etmiş, EMEP-in 7-9 sentyabr 2009-cu il tarixdə Cenevrə şəhərində keçirilmiş 30-cu plenar iclasında bu stansiyaların Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Cənub-Şərqi Avropa ölkələrində tətbiq edilməsinin zəruri olduğu qeyd edilmiş, bundan sonra regionlarda atmosfer havasının fon monitorinqi stansiyalarının quraşdırılması prosesi həyata keçirilməyə başlamışdır.