Xəbərlər

Respublika ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər keçirilmişdir

24 Fevral 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilmişdir.
2012-ci ilin yanvar-fevral aylarında keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılmış, onlardan 73 ədəd ov tüfəngi, 233 ədəd patron, 164 ədəd quş, o cümlədən “Qırmızı kitab”a düşmüş fısıldayan qu, bəzgək quşları götürülmüşdür.
Faktlarla bağlı 55 nəfər barəsində protokol tərtib olunmuş, onlardan 24 nəfər inzibati qaydada ümumilikdə 24000 manat məbləğində cərimə edilmiş, 31 nəfərin işinə qanunamüvafiq qaydada baxılır. 30 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.
Reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətlərini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməməsi, Nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi, hətta fiziki zərər vurulması halları da olmuşdur.
Belə ki, 23 fevral 2012-ci il tarixində Nazirliyin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisində fəaliyyət göstərən Sarı-su Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər Saatlı rayonunun Hacıqasımlı kənd sakinləri saxlanılmışdır. Şöbə əməkdaşları qanun pozucularından şəxsiyyətlərinin təsdiqinə və ov silahına dair sənəd tələb etdiyi zaman həmin şəxslərdən biri şöbənin əməkdaşı Kərim Səlimova müqavimət göstərmiş, ov silahı ilə onun üz nayihəsinə zərbə endirərək yaralamış və qaçmışlar.
Şöbə əməkdaşlarının səyi nəticəsində qanun pozucularından biri saxlanılaraq ondan 1 ədəd ov tüfəngi, 17 ədəd patron, 5 ədəd “Qırmızı Kitaba” düşmüş fısıldayan Qu quşu aşkar edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi-sübüt kimi götürülmüşdür. Faktla bağlı qanunamüvafiq qaydada akt və protokol tərtib edilmişdir.
Qeyd olunan qanun pozuntusu və Nazirliyin əməkdaşına vurulan fiziki zərər barəsində Saatlı rayon Polis Şöbəsinə məlumat verilmişdir. Faktla bağlı toplanmış materiallar İmişli Rayon Prokurorluğuna təqdim olunması üçün hazırlanır.