Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (fevral ayının I ongünlüyü üçün)

13 Fevral 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Fevral ayının I ongünlüyündə Kür çayında suyun sərfi yanvar ayının III ongünlüyünə nisbətən 6 m3/san artaraq 142 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 və Ağstafaçay məntəqələrində fenollar 3, mis birləşmələri 2 dəfə, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Fevral ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 3 dəfə, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 2 dəfə, Bəhramtəpə məntəqəsində isə fenollar 4, mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.22-7.85 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.