Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (dekabr ayının III ongünlüyü üçün)

05 Yanvar 2012, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə dekabr ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Dekabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının II ongünlüyünə nisbətən 3 m3/san azalaraq 139 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda mis birləşmələri 4, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Dekabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.50-6.74 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.