Xəbərlər

Respublika ərazisində qanunsuz ov hallarına qarşı mübarizə davam etdirilir

15 Dekabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə növbəti reydlər keçirilmişdir.
2011-ci ilin noyabr ayı ərzində keçirilən reyd zamanı qanunsuz ovla məşğul olan şəxslərdən ümumilikdə 16 ədəd ov tüfəngi götürülmüş və qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, qanunsuz ovla məşğul olan İlham Hüseynov Sumqayıt inzibati rayonu, Ərəstun Usubov İmişli rayonu, Eynulla Əsədov, Elxan Hüseynov, Elgün Salmanov, Ceynur Əhmədov Neftçala rayonu ərazisində saxlanılmış və onlardan 6 ədəd ov tüfəngi və 26 ədəd çöl quşları götürülmüşdür. Həmin şəxslər barəsində qanunamüvafiq protokollar tərtib edilərək hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə olunmuşdur. Qanunsuz ovla məşğul olan şəxslərdən götürülmüş çöl quşları Nazirliyin əməkdaşları tərəfindən yandırılmışdır.
Sumqayıt şəhəri və Lənkəran rayonları ərazilərində keçirilən reydlər zamanı qanunsuz ov edən 2 nəfər saxlanılaraq onlardan 2 ədəd ov tüfəngi götürülmüşdür. Faktlarla bağlı akt tərtib olunmuş və qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon Polis Şöbələrinə müraciət edilmişdir.
Keçirilən reydlər zamanı Quba rayonu ərazisində qanunsuz ov edən 1 nəfər saxlanılaraq ondan 1 ədəd ov tüfəngi və 1 baş dağ keçisi, Zaqatala rayonu ərazisində isə 7 nəfərdən ibarət qrup saxlanılaraq, onlardan 7 ədəd ov tüfəngi və 1 baş cüyür götürülmüşdür. Hər iki fakt üzrə qanun pozucularının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üzrə zəruri tədbirlər görülür.