Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (dekabr ayının I ongünlüyü üçün)

12 Dekabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Dekabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının III ongünlüyünə nisbətən 8 m3/san azalaraq 150 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 4, mis birləşmələri 3, Ağstafaçay məntəqəsində mis birləşmələri 4, fenollar 3, Ağstafaçay su anbarında isə fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Dekabr ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində fenollar və mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhrəmtəpə məntəqəsində isə fenollar və mis birləşmələri 2 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.50-6.75 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.