Xəbərlər

“Yerin təki haqqında” qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq məqsədilə reyd keçirilmişdir

08 Dekabr 2011, 00:00

2011-ci il 05 dekabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən “Yerin təki haqqında” qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq məqsədilə reyd keçirilmişdir.
Reyd zamanı Pirşağı qəsəbəsində “Qızılqum” sanatoriyasının yaxınlığında, Xəzər dənizinin sahil mühafizə zolağında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 1 nömrəli Yol İstismar İdarəsinə məxsus maşın və mexanizmlər (1 ədəd “KON” yükləyici, 2 ədəd ekskavator, 10 ədəd “Ford” və “Tatra” markalı yük avtomobiləri) vasitəsilə Xəzər dənizinin sahil zolağından qeyri-qanuni olaraq 3238 m3 həcmində qum qarışıq balıqqulağının qazılıb aparılması faktı aşkar edilmişdir.
Qeyd olunan qanun pozuntusu faktı ilə bağlı ətraf mühitə 17780 manat məbləğində ziyan vurulmuş və qanunamüvafiq qaydada sənədləşdirilmişdir.
Nazirliyin əməkdaşları tərəfindən qeyri-qanuni qazıntı aparan maşın və mexanizmlər həmin sahədən çıxarılmış və ərazi nəzarətə götürülmüşdür.
Hazırda faktla bağlı “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin inzibati məsuliyyətə cəlb olunması və ətraf mühitə vurulan ziyan müqabilində Cəmiyyətə qarşı iddia qaldırılması üçün aidiyyəti tədbirlər görülür.


Ətraf Mühitin Mühafizəsi Departamentinin
Mətbuat Xidməti