Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (noyabr ayının III ongünlüyü üçün)

01 Dekabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının II ongünlüyünə nisbətən 5 m3/san azalaraq 158 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 5, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 3 dəfə, Ağstafaçay məntəqəsində isə fenollar və mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Noyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində fenollar 3, mis birləşmələri 2 dəfə, Bəhrəmtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.90-6.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.