Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (noyabr ayının II ongünlüyü üçün)

22 Noyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə növbəti monitorinq həyata keçirmişdir.
Noyabr ayının II ongünlüyündə Kür çayında suyun sərfi noyabr ayının I ongünlüyünə nisbətən 18 m3/san azalaraq 163 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar 4, mis birləşmələri 2, Ağstafaçay məntəqəsində və Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Noyabr ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 2, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.20-7.65 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.