Xəbərlər

“Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda beynəlxalq ətraf mühit sərgisinə baxış keçirilib

21 Noyabr 2013, 00:00

Böyük Britaniyanın “ITE Group plc” şirkəti və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian” şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) Kampaniyasının dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Xəzər: ətraf mühit üçün texnologiyalar” mövzusunda Beynəlxalq Ətraf Mühit Sərgisinə (“CTE-2013”) 21 noyabr 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov baxış keçirib.
Azərbaycan, Almaniya, İtaliya, İspaniya, Qazaxıstan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən 58 şirkətin iştirak etdiyi sərgidə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində innovasiya layihələri kompleks şəkildə təqdim olunur, eyni zamanda alternativ enerji mənbələri üçün, eləcə də suyun təmizlənməsi üzrə ən müasir avadanlıq nümunələri nümayiş etdirilir.

Noyabrın 22-nə kimi davam edəcək sərgidə şirkət və dövlət strukturları ilə yanaşı, Azərbaycan ərazisində ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da öz stendləri ilə çıxış edir.

Qeyd edək ki, sərgidə Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıb.