Xəbərlər

Tufandağda quraşdırılmış Avtomat Meteoroloji Stansiyadan müntəzəm məlumatlar əldə edilir

17 Oktyabr 2011, 00:00

Azərbaycan meteorologiyasında mühüm rol oynayan hidrometeoroloji rejimi öyrənmək məqsədilə 2010-cu ilin avqustunda Tufandağ zirvəsinin 4172 metr hündürlüyündə quraşdırılmış Avtomat Meteoroloji Stansiyadan qısa müddətli fasilədən sonra hava haqqında məlumatların Milli Hidrometeorologiya Departamentinə müntəzəm ötürülməsi bərpa olunmuşdur.
Qeyd edək ki, qış mövsümündə Tufandağ ərazisindəki Avtomat Meteoroloji Stansiyadan məlumat ötürülməsi kəsilmişdi. Səbəblərini araşdırmaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin və Şahdağ Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin əməkdaşlarından ibarət ekspedisiya qrupu Tufandağ Avtomat Meteoroloji Stansiyasına baxış keçirmişdi. Məlum oldu ki, güclü küləklər və ildırım vurma səbəbindən ötürücü antena aşmışdı.
Görülən tədbirlərin nəticəsində stansiya tam bərpa olunmuş və 15 avqust 2011-ci il tarixdən məlumatlar avtomatik rejimdə mərkəzi proqnozlar bürosuna daxil olmağa başlamışdı. Stansiya küləklə işləyən elektrik generatorundan və günəş panellərindən qidalanır. Stansiyadan sonuncu məlumat 17 oktyabr 2011-ci il tarixdə saat 12:00-da daxil olmuşdur.
Hal-hazırda stansiyada veb kameranın quraşdırılması işlərinə hazırlıq gedir.