Xəbərlər

Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri (avqust ayının III ongünlüyü üçün)

02 Sentyabr 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqust ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
Avqust ayının III ongünlüyündə Kür çayında suyun sərfi avqust ayının II ongünlüyünə nisbətən 1 m3/san azalaraq 104 m3/san təşkil etmişdir. Monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında və Ağstafaçay məntəqəsində isə fenollar 4, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz və I Şahsevən məntəqələrində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə YVQH-ni keçmişdir.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.95-9.08 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişmişdir.