Xəbərlər

İyul ayı ərzində “Qaynar xətt”ə 120 müraciət daxil olub

09 Avqust 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən “Qaynar xətt”i  vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozmaları və digər ekoloji hallar barədə müraciətlər qəbul edilir.
2011-ci ilin iyul ayı ərzində ETSN-nin “Qaynar xətt”inə 120 müraciət daxil olmuş və Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülmüşdür.
Belə ki, ağacların kəsilməsi ilə əlaqədar daxil olmuş 34 müraciət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq 10 şikayət üzrə fakt təsdiqlənmiş və qanunamüvafiq tədbirlər görülmüşdür. 18 müraciət öz təsdiqini tapmamış, 6 müraciət isə icradadır.
Ağacların aşma təhlükəsinin olması ilə əlaqədar daxil olmuş 62 müraciətdən 59-na yerində baxış keçirilərək təhlükə yaradan ağaclarla bağlı müvafiq rəy və təkliflər verilmiş, 1 müraciət əsassız hesab edilmiş, 2 müraciət isə icradadır.
Məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, səs-küy, elektromaqnit şüalanma, faunanın mühafizəsi və meşə fondu torpaqlarının zəbt olunması ilə əlaqədar daxil olmuş 24 müraciətdən 3-ü ilə bağlı qanunamüvafiq tədbirlər görülmüş, 4 müraciət icradadır. 17 müraciət isə Nazirliyin əməkdaşları tərəfindən keçirilmiş monitorinqlər zamanı öz təsdiqini tapmamış və həmin ərazilər nəzarətə götürülmüşdür.
Araşdırmalar zamanı daxil olan müraciətlərin əksəriyyətinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olmuşdur.