Xəbərlər

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət

21 İyul 2011, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə son günlər hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar respublikanın dağ çaylarında sululuğun azalması müşahidə olunmuşdur. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 75-145, Balakən-Şəki bölgəsi çaylarında 85-114, Kiçik Qafqaz və Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 150 m3/san, yəni ongünlük normanın 98 faizini (2010-cu ildə 140 m3/san olmaqla 92 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 65 m3/san, yəni ongünlük normanın 74 faizini (2010-cu ildə 139 m3/san olmaqla 158 faizini) təşkil edir.
Kür çayının aşağı axınında hazırki vəziyyət
İyul ayının I və II ongünlüklərində transsərhəd çaylarda, eyni zamanda Kür çayına sağ və sol qollardan axan çaylarda sululuğun azalması nəticəsində Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin azalma müşahidə olunmuşdur. Belə ki, iyul ayının 01-dən 21-nə qədər Surra məntəqəsində suyun səviyyəsi 64 sm, Şirvanda 89 sm, Salyanda 125 sm, Bankədə 42 sm, Araz çayının Novruzlu məntəqəsində isə 83 sm azalmışdır.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 433 sm (2010-cu il iyulun 21-də 684 sm), Şirvanda 313 sm (2010-cu il iyulun 21-də 609 sm), Salyanda 305 sm (2010-cu il iyulun 21-də 606 sm), Bankədə 249 sm (2010-cu il iyulun 21-də 354 sm), Araz çayının Novruzlu məntəqəsində isə 152 sm (2010-cu il iyulun 21-də 405 sm) təşkil edir.