Xəbərlər

5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günüdür

03 İyun 2011, 00:00

XIX əsrin sonlarından başlayan elmi”“texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar.
Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
5 iyun 1972”“ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi diqqət mərkəzində olmuş, problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin, ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar vermiş və növbəti ildən başlayaraq həmin gün bütün dünyada təntənəli şəkildə qeyd olunmağa başlanmışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Keçən il olduğu kimi bu il də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birlikdə 05 iyun Ümumdünya ətraf mühit günü ilə əlaqədar jurnalistlər arasında elan olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajların qaliblərini mükafatlandıracaq. Jurnalistlər və telereportyorlar ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanması, təbiətdən davamlı istifadənin təmin olunması, təbliğ edilməsi və əhalinin məlumatlandırılması məqsədi ilə ekoloji mövzuda yazdıqları məqalə və telereportajları artıq müsabiqə komissiyasına təqdim ediblər.
5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Bakıda və respublikanın rayonlarında ictimaiyyətlə birgə iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən, bir sıra ərazilər məişət tullantılarından təmizlənəcək.