Xəbərlər

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

23 May 2011, 00:00

Ulu Öndər Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.
Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nazir Hüseyn Bağırov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini bildirmiş və Nazirliyin fəaliyyət göstərdiyi 10 il ərzində görülən işlər və həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2011-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncamlarına müvafiq olaraq Nazirliyin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunmuşlar. Həmçinin, Nazir H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə Nazirliyin 13 əməkdaşını “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fəxri Fərmanı” ilə təltif etmişdir.
Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə Prezidentinə müraciəti qəbul olunmuşdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.