Xəbərlər

“Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan”a dair tədbir keçirilmişdir

20 Noyabr 2009, 00:00

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Koreya Respublikasının Ətraf Mühit Nazirliyi arasında 2008-ci ilin 19 may tarixində “Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalandıqdan sonra “Azərbaycanda ətraf mühitinin idarə olunması üzrə Baş Plan” hazırlanmışdır.
Qeyd edək ki, bu müddət ərzində Cənubi Koreya nümayəndələri dəfələrlə Azərbaycanda işgüzar səfərlərdə olmuş, Koreya və Azərbaycan mütəxəssisləri “Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan”ın komponentlərini, eyni zamanda Koreya ilə əməkdaşlıq üzrə Azərbaycanda Baş Plan çərçivəsində həyata keçirilməsi məqsədəuyğun hesab edilən layihə təkliflərini müzakirə etmişlər.
Bu müzakirələrin nəticəsi olaraq prioritet istiqamətlər olaraq ilk öncə həyata keçirilmək üçün “Təmizlənmiş çırkab suların yaşıllıqların suvarılmasında təkrar istifadəsi”, “Qobustanda bərk məişət tullantıları poliqonunun inşası”, “Ekoloji mühitin avtomatlaşdırılmış monitorinq sisteminin qurulması” layihələri seçilmişdir. Bu layihələrin reallaşmasında, müasir tələblərə cavab verən ətraf mühit texnologiyalarının ölkəmizdə tətbiq edilməsində Koreyanın böyük dəstəyi olacaq.
Ümumiyyətlə, ölkəmizdə ətraf mühitin idarə edilməsinin yaxşılaşdırılması məqsədilə Koreyalı mütəxəssislərlə birgə müəyyən olunmuş layihələrin mərhələlərlə bir neçə il müddətində həyata keçirilməsi nəzərdə tutulur.
2009-cu il 18-22 noyabr tarixlərində Koreya Respublikasının Ətraf mühit nazirinin müavini cənab Honq Con Seokun başçılıq etdiyi və Koreya Ətraf mühit nazirliyi, Ekoloji sənaye və texnologiyalar institutu, Ətraf mühit institutu və bir sıra şirkətlərin təmsilçilərindən ibarət nümayəndə heyəti Bakıya səfərə gəlmişdir. Səfər zamanı Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov nümayəndə heyəti ilə görüşmüş, ətraf mühit sahəsində Koreya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. H.Bağırov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edildiyini qonaqların diqqətinə çatdırmış, bununla bağlı 2010-cu ildə həyata keçiriləcək tədbirlərin səmərəliliyinin yüksəldilməsində Cənubi Koreya ilə birgə hazırlanmış “Azərbaycanda ətraf mühitin idarə olunması üzrə Baş Plan”ın da əhəmiyyətli olduğunu, əslində cənab İlham Əliyevin təşəbbüsünün beynəlxalq əks sədası və dəstəyinin genişləndiyini qeyd etmişdir.
Koreya Respublikasının Ətraf mühit nazirinin müavini cənab Honq Con Seok Azərbaycan Respublikasında 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsində Koreya Respublikasının böyük məmnuniyyətlə dəstək olacağını bildirmişdir.
Səfər çərçivəsində 2009-cu il 20 noyabr tarixində Azərbaycan və Koreyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə sözügedən planın yekun müzakirələri üzrə konfrans keçirilmişdir. Konfransda su resurslarının, tullantıların idarə olunması, tullantı sularının təkrar istifadəsi imkanları, ətraf mühitin monitorinqi və bu sahədə mövcud olan müasir texnologiyalar, torpaq ehtiyatlarının çirklənmədən mühafizə olunması və s. məsələlər müzakirə olunmuşdur.