Xəbərlər

Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin müzakirəsi keçirilmişdir

23 Oktyabr 2009, 00:00

Respublikanın paytaxtında məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə 2008-ci il 6 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bakı şəhərində Məişət Tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncam imzalanmışdır.
Sərəncamın yerinə yetirilməsi ilə əlaqədar olaraq “Təmiz şəhər” ASC-nin yaradılması və bununla yanaşı İqtisadi İnkişaf Nazirliyinin xətti ilə həyata keçirilməsi planlaşdırılan tədbirlər sırasında Bakı şəhərində bərk məişət tullantılarının yandırılması zavodunun inşa edilməsi də nəzərdə tutulmuşdur.
Zavodun layihələndirilməsi, tikilməsi və istismarı üzrə elan olunmuş beynəlxalq tenderin qalibi Fransanın “CNİM S.A.” şirkəti olmuşdur.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi ilə bağlanmış müqavilədə illik istehsal gücü 500 min ton bərk məişət tullantıları yandırmaqla, 230 milyon kvt/saat elektrik enerjisi istehsal edən zavodun layihələndirilməsi və tikintisi nəzərdə tutulmuşdur. İstehsal olunan elektrik enerjisinin 15 faizi zavodun daxili ehtiyaclarına sərf ediləcək, qalanı isə şəhər şəbəkəsinə veriləcəkdir.
Bununla əlaqədar “CNİM Azərbaycan LTD” MMC tərəfindən Bakı Məişət Tullantılarının Yandırılması Zavodunun Tikintisi və İstismarı dövründə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmış, dövlət ekoloji ekspertizasından keçirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim olunmuşdur. Sənəddə zavodun tikiləcəyi ərazinin mövcud təbii vəziyyəti, zavodun texnoloji quruluşu əsasında ətraf mühitə təsirlər və onların azaldılması tədbirləri araşdırılmışdır. Sənədin baxılmasına Nazirliyin Dövlət Ekoloji Ekspertiza İdarəsinin mütəxəssisləri ilə yanaşı, respublikanın bu sahə üzrə alim və mütəxəssisləri, həmçinin Qeyri Hökumət Təşkilatları nümayəndələrindən ibarət 9 nəfər ştatdankənar mütəxəssis cəlb edilmişdir.
10 sentyabr 2009-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində QHT nümayəndələrinin iştirakı ilə Bakı Məişət Tullantılarının Yandırılması Zavodunun Tikintisi və İstismarı dövründə ƏMTQ sənədinin 1-ci müzakirəsi keçirilmişdir. Müzakirədə təqdim olunan layihə ilə əlaqədar QHT nümayəndələri tərəfindən irad və təkliflər bildirilmiş, müxtəlif suallar səsləndirilmişdir.
21 oktyabr 2009-ci il tarixində isə QHT nümayəndələri tərəfindən verilən sualların cavablandırılması və layihə ilə bağlı qarşıya qoyulan məsələlərə aydınlıq gətirilməsi məqsədilə Nazirliyin inzibati binasında sözügedən sənədin 2-ci müzakirəsi keçirilmişdir.
Sənədin 2-ci müzakirəsində İqtisadi İnkişaf, Səhiyyə, Fövqəladə Hallar Nazirlikləri, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Təmiz Şəhər” ASC, Bakı şəhəri və Sabunçu rayonu İcra Hakimiyyətləri, “CNİM Azərbaycan LTD” MMC, sənədin baxılmasına cəlb edilən ekspertlər, həmçinin QHT nümayəndələri iştirak etmişlər.
Aparılan müzakirələr, həmçinin, dövlət və qeyri hökumət təşkilatları tərəfindən verilən suallara gətirilən aydınlıqlar, əlavə və düzəlişlər, ETSN tərəfindən irəli sürülən bir sıra ciddi ekoloji tələblər nəzərə alınmaqla 10 gün müddətinə təqdim edilən ƏMTQ sənədinə Dövlət Ekoloji Ekspertizasının yekun rəyinin hazırlanması qərara alınmışdır.