Xəbərlər

Palçıq vulkanlarından qorunma tədbirləri

07 Avqust 2009, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 avqust 2007-ci il “Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Sərəncamının icrası istiqamətində bəzi tədbirlər həyata keçirilmişdir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu” Dövlət Təbiət Qoruğu tərəfindən Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə ünvanlanmış müraciətləri əsasında 31 iyul 2009-cu il tarixindən etibarən Binəqədi rayonu ərazisində yerləşən Keyrəki Palçıq Vulkanının ətəyində salınmış qanunsuz tikililərin sökülməsinə başlanılmışdır. Adı göstərilən qurumların dəstəyi ilə həyata keçirilən tədbirlərin məqsədi, Keyrəki Palçıq Vulkanlarının dağıdılmasının qarşısının alınması, bu unikal təbiət abidəsinin mühafizəsinin təmin edilməsi ilə yanaşı, burada qeyri-qanuni məskunlaşmış əhalini hər an baş verə biləcək vulkan püskürməsi kimi təhlükədən qorumaqdan ibarətdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha əhalini palçıq vulkanlarına yaxın ərazilərdə fərdi yaşayış evləri inşa etməkdən çəkinməyə, bununla da özləri və ailələrinin həyatlarına təhlükə törədə biləcək fövqəladə təbiət hadisələrindən qorumağa çağırır.