Xəbərlər

Bolqarıstanın paytaxtı Sofiya şəhərində “Qara dəniz regionunda kiçik kənd ərazilərində su təchizatı və sanitariya” mövzusunda Nazirlər Konfransı keçirilmişdir

29 May 2009, 00:00

27 may 2009-cu il tarixində Bolqarıstanın paytaxtı Sofiya şəhərində BMT Baş Katibinin su və sanitariya məsələləri üzrə Məşvərətçi Şurasının 12-ci toplantısı çərçivəsində “Qara dəniz regionunda kiçik kənd ərazilərində su təchizatı və sanitariya” mövzusunda Nazirlər Konfransı keçirilmişdir.
Konfransda müzakirə olunan məsələlər sırasında Azərbaycanda gedən proseslər, sürətli iqtisadi inkişaf, ekoloji sahədə görülən işlər, xüsusilə də kənd ərazilərində su təchizatı və sanitariya sahəsində fəaliyyət xüsusi yer tutmuşdur.
Bu məsələlərlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov konfransda əsas məruzə ilə çıxış etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə bütün sahələrdə, o cümlədən ətraf mühit sahəsində gördüyü işlər haqqında geniş məlumat vermişdir.
Son illər ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması və Xəzər dənizinin çirklənmədən qorunması sahəsində həyata keçirilən və qısa zamanda geniş əraziləri əhatə etmiş layihələr barədə məlumat məruzədə xüsusi yer tutmuşdur.
Məruzəçi bildirmişdir ki, son il yarım ərzində artıq 122 kənddə modul tipli su təmizləyici qurğular quraşdırılmış, bununla da 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Bunun ictimaiyyət tərəfindən çox yaxşı qarşılandığı xüsusilə vurğulanmışdır. Bu istiqamətdə fəaliyyətin davam etdirildiyi və yaxın zamanda nəinki Minilliyin İnkişaf Məqsədlərindən biri olan “2015-ci ilədək təhlükəsiz içməli su ilə təmin olunmamış əhalinin sayının 2 dəfə azaldılması”na nail olunacağı, ehtiyacı olan bütün kənd əhalisinin ekoloji cəhətdən təmiz su ilə təmin ediləcəyi bildirilmişdir.
Eyni zamanda, Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə gündə 6140 m3 çirkab sutəmizləmə gücünə malik, beynəlxalq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğuların qurulması nəticəsində Abşeron yarımadasının sahilboyu ərazilərində 16 stansiyanın istismara verilərək “Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi”nin yaradılması barədə məlumat verilmişdir.
Məruzə zamanı proqramların icrası ilə bağlı video materiallar nümayiş etdirilmişdir.
Verilən məlumatlar konfrans iştirakçılarında geniş marağa səbəb olmuş, Azərbaycanın bu sahədəki təcrübəsi iştirakçılar tərəfindən müzakirə edilmişdir. Sonda nazir H.Bağırov konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.
İclasa sədrlik edən Kral zati-aliləri Şahzadə Oranski Azərbaycan rəhbərinin həyata keçirdiyi islahatların bütün dünyada simpatiya ilə izləndiyini söyləmiş, Azərbaycanın bu sahədəki təcrübəsini təqdirəlayiq saymış və sonda təqdimata görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir.
Konfransdan sonra Ekologiya və Təbii Sərvətlər Naziri H.Bağırov Bolqarıstanın Ətraf Mühit və Su, həmçinin Regional İnkişaf və Dövlət İşləri nazirləri ilə görüşmüş, Azərbaycan və Bolqarıstan arasında müvafiq sahələrdə əməkdaşlıq imkanları və perspektivlərini müzakirə etmişdir.