Xəbərlər

Saatlı rayonunun Dəllər, Mustafabəyli və Fətəlikənd kəndlərində yeni quraşdırılmış modul tipli sutəmizləyici qurğuların açılış mərasimi keçirilib

05 May 2009, 00:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2006”“cı ilin 28 sentyabr tarixində təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006”“2010”“cu illər üzrə Kompleks Tədbirlər Planı”nın həyata keçirilməsi və ətraf mühitin sağlamlaşdırılması istiqamətində məqsədyönlü işlər aparılır.
Kompleks Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən 2007-ci il 20 iyun tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” və 2008-ci il 20 noyabr tarixində təsdiq olunmuş “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında” Sərəncamlarda Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi istiqamətində işlər uğurla həyata keçirilir.
Belə ki, ölkə rəhbərinin müvafiq sərəncamlarına uyğun olaraq 2007-ci ildə 8 rayon, 2008-ci ildə isə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 12 rayonun (Ağcabədi, Biləsuvar, Sabirabad, Kürdəmir, Yevlax, Zərdab, İmişli, Saatlı, Salyan, Neftçala, Babək və Şərur) 122 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmış və 224 min əhali Ümumdünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin olunub.
2009-cu il 05 may tarixində Saatlı rayonunun Dəllər, Mustafabəyli və Fətəlikənd kəndlərində “Hyundai” şirkətinin istehsalı olan ən müasir “osmos” texnologiyalı sutəmizləyici qurğuların açılış mərasimi keçirilib.
Bu gündən etibarən quraşdırılmış qurğuların fəaliyyəti nəticəsində Dəllər kəndinin 2150 nəfər əhalisi gün ərzində 40 m3 sutəmizləmə gücünə malik 11 bulaq, Mustafabəyli kəndinin 2169 nəfər əhalisi gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 8 bulaq, Fətəlikənd kəndinin 2832 nəfər əhalisi isə gün ərzində 50 m3 sutəmizləmə gücünə malik 9 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcəklər.