Xəbərlər

Laçın rayonunun işğaldan sonrakı ekoloji durumu

15 May 2008, 00:00

Laçın rayonunun işğalından 16 il keçir. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turş-tiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Rayonda ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min m3 olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, ümumi ehtiyatları 5125 min m3 olan və mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), ehtiyatları 998 min m3 olan və kərpic-kirəmid istehsalına yararlı Novruzlu gil, ehtiyatları 2144 min m3 olan Quşçu pemza, ehtiyatları 15794 min m3 olan Yuxarı Həkəriçay qum-çınqıl qarışığı, ehtiyatları 10 ton əqiq və 0,9 ton jad olan 2 əlvan bəzək daşı, ümumi ehtiyatları 10449 min ton olan 3 vulkan külü, istismar ehtiyatları 430 min m3/gün olan Minkənd mineral su yataqları vardır.
Laçın rayonundakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da hal-hazırda işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardır.
1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədi ilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, qaya keçisi, çöl donuzu, ayı, turac, kəklik, qaratoyuq kimi nadir fauna növləri məskunlaşıb. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağ-keçisi (bezoar keçisi) 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda canavar, porsuq, dələ və s. heyvanlar, qırqovul 200, kəklik 1500 baş və s. quşlar qeydə alınmışdır. Yasaqlığın ərazisindəki Hacışamlı meşəsində dünyada ən qiymətli növ olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacın materialından qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün çəlləklər düzəldilməsində istifadə edilirdi. Bu ağac Azərbaycanda yalnız həmin yasaqlıqda yayılmışdır.
Laçın rayonu üzrə 33285 hektar meşə fondu torpaqları vardır ki, bunun da meşə ilə örtülü sahəsi 26647 hektar (80,05 %) idi. Meşələrdə şam, palıd, vələs, göyrüş, ağcaqayın, qarağac, akasiya, qovaq, söyüd, dəmirqara, armud ağacları üstünlük təşkil edirdi.
Rayonda Həkəri çayının sağ sahilində və Zabux kəndində 400 yaşlı 2 ədəd Şərq çinarı, meşə təsərrüfatının dövlət meşə fondunda 1092 hektar sahəni əhatə edən ardıc, şabalıd və qaraçöhrə ağacları mühafizə edilirdi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i aşağıdakı faktları aşkarlamışdır:
”¢ Picənis və Hacışamlı meşəliklərindən qırmızı palıd qırılaraq, konyak istehsalında istifadə olunan çəlləklərin hazırlanması üçün Fransaya, külli miqdarda təbii halda bitən iri gövdəli qoz ağacları isə kütləvi qırılaraq mebel istehsalında istifadə məqsədi ilə İrana və Avropa ölkələrinə satılır.
”¢ Hacılar və Sadınlar kəndlərinin ərazisində olan 65 hektar meşə sahəsi tamamilə qırılmışdır.