Xəbərlər

“Yaşıl dərə” ərazisində ağacların kəsilməsi faktı ilə bağlı araşdırma aparılır

14 Aprel 2008, 00:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları Sumqayıt şəhəri yaxınlığındakı Ceyranbatan massivində və “Yaşıl dərə” adlanan ərazidə fiziki şəxslər tərəfindən torpaqların zəbt olunması və ağacların kəsilməsi faktlarını aşkar edərək tədbir görülməsi üçün Sumqayıt Şəhər Polis Idarəsinə müraciət etmişlər.
17.10.2007-ci il tarixdə qeyd olunan ərazidə Laçın rayon sakini R.İsmayılova tərəfindən 1 ədəd köküstə yaş ağacın kəsilməsi ilə əlaqədar Sumqayıt Şəhər Polis Idarəsində araşdırma aparılmış və onun barəsində inzibati tədbir görülmüşdür.
Eyni zamanda, 2007-ci il ərzində sözügedən ərazidə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 85 (yerin təkindən istifadə qaydalarının pozulması), 92 (meşəqırma bileti (orderi)) olmadan köküstə yaş ağacların və kolların qanunsuz kəsilməsi və zədələnməsi, meşə bitkilərinin və cavan ağacların məhv edilməsi və zədələnməsi), 194 (özbaşına tikinti işlərinin aparılması) və 195-ci (bağ evlərinin tikilməsi qaydalarının pozulması) maddələrinin tələblərini pozduqlarına görə 21 nəfər inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur.
Hazırda “Yaşıl dərə” ərazisində 81 ədəd göyrüc ağacının kəsilməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis Idarəsinin İstintaq şöbəsində araşdırma aparılır.