Xəbərlər

23 mart Ümumdünya Meteorologiya Günüdür

19 Mart 2008, 00:00

Hər il 23 mart tarixində Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) və onun üzvü olan 188 ölkədə ümumdünya meteorologiya günü qeyd edilir. 1993-cü il 03 sentyabr tarixində Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Ümumdünya Meteorologiya Təşkilatının Konvensiyasına qoşulması barədə qərar vermiş və qeyd etmişdir ki: “Azərbaycanın Ümumdünya Meteorologiya Təşkilatının sıralarına qoşulması təbiidir, çünki biz özümüzü dünyanın bir hissəsi hesab edirik”.
Bir ənənədir ki, 1950-ci ildən, yəni Ümumdünya Meteorologiya Təşkilatının konvensiyasının qüvvəyə minməsindən sonra hər il meteorologiya günü (23 mart) müəyyən bir deviz altında keçirilir. “Gələcək naminə Planetimizdə hidrometeoroloji müşahidələr” devizi isə 2008-ci ilin mövzusu seçilmişdir.
Bu gün Hidrometeorologiya xidmətinin əsas vəzifələrindən biri hidrometeoroloji proseslərdən dəyən zərərləri minimuma endirmək üçün atmosfer və hidrosfer üzərində qlobal müşahidə sistemlərini genişləndirmək, burada baş verən hər hansı dəyişmələri proqnozlaşdırmaq və bununla da sabit iqtisadi inkişafa xidmət etməkdir.
Hazırda ölkənin hidrometeoroloji şəbəkəsi özündə 83 hidrometeoroloji və radiometeoroloji stansiya, 141 hidroloji, aviameteoroloji, dəniz, aqrometeoroloji, aeroloji müşahidə məntəqəsini birləşdirir. 13 meteoroloji stansiya qlobal və regional müşahidə sisteminə, 18 stansiya isə iqlim üzrə qlobal müşahidə sisteminə cəlb edilmişdir.
Son illərdə ölkədə aparılan uğurlu iqtisadi islahatlar bir çox istiqamətləri əhatə edərək müasir dövrün tələblərinə uyğun işləməyə şərait yaradır. Belə ki, ölkə rəhbərliyi tərəfindən hidrometeorologiya sahəsinə artan diqqəti bir faktla təsdiqləmək kifayətdir ki, bu da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 28 yanvar tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında Hidrometeorologiyanın Milli İnkişaf Proqramının təsdiq edilməsidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində sözügedən Proqramın həyata keçirilməsi üçün planlaşdırılmış aktiv fəaliyyət aparılır, müşahidə şəbəkəsi bərpa edilir, yeni cihaz və avadanlıqlar, o cümlədən avtomat meteoroloji stansiyalar alınır, yeni texnologiyaların tətbiqi və hidrometeoroloji proqnozların keyfiyyətinin yaxşılaşdırılması və s. istiqamətlərdə bir sıra tədbirlər həyata keçirilir.
Proqnozların özünü doğrultması 92% təşkil edir ki, bu da orta Avropa səviyyəsinə yaxındır.
Şəki sel axım stansiyası, Ələt, Xınalıq, Mərəzə, Altıağac, Qəbələ, Ağsu stansiyaları üçün yeni binalar tikilmiş, Neftçala, Çilov, Ələt, Tərtər, Xınalıq, Xaltan, Kırız, Mərəzə, Altıağac, Ağsu stansiyalarının meteomeydançaları standartlara uyğun yenidən qurulmuşdur.
Finlandiya Respublikasının istehsalı olan 10 avtomatik stansiya alınmış və onlardan 9-u Pirallahı, Qaradağ, Bakı, Yevlax, Ağsu, Mərəzə, Göyçay, Tərtər və Gəncədə qurularaq istismara verilmişdir. Bu il Finlandiyanın “VAYSALA” firmasının istehsalı olan daha 3 avtomatik stansiya və Amerikanın “YANQ” firmasından küləyin parametrlərini daha dəqiq ölçən 5 ədəd küləkölçən cihaz alınmış və onların cari ildə quraşdırılması nəzərdə tutulur.
Amerika istehsalı olan Akustik Dopler su sərfi ölçən cihazın alınması Respublikanın iri çaylarında ultrasəs üsulu ilə su sərfinin ölçülməsi üçün imkan yaradıb.
Xəzər dənizinin hidrometeoroloji rejiminin monitorinqi sisteminin təkmilləşdirilməsi üçün 2 ədəd müasir dəniz axınıölçən, dalğaölçən cihazları alınmış və Neft Daşlarında istifadəyə verilmişdir.
Respublikanın Sel Kataloqu və Sel Xəritəsi hazırlanmışdır.
Gündəlik proqnozlardan əlavə daha uzunmüddətli iqlim ssenarilərinin də işlənməsinə başlanmışdır. Azərbaycanda ilk dəfə olaraq regional iqlim modeli tətbiq edilmişdir. Gələcəkdə qlobal iqlim dəyişmələrinin Respublikaya təsirinin qiymətləndirilməsi üçün Böyük Britaniyanın Hadley elmi-tədqiqat Mərkəzinin “PRECİS” modeli əsasında 2020-2050-ci və 2070-2100-cü ilədək iqlim ssenarisi modelləşdirilmişdir.
Qonşu dövlətlərin hidrometeorologiya xidmətləri ilə ölkəmiz arasında sıx regional əməkdaşlıq həyata keçirilir. Bir sözlə, proqramlı şəkildə Azərbaycan hidrometeorologiyasının dünya hidrometeorologiyasına inteqrasiyası prosesi gedir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidməti