Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət Parkı 40 min manat məbləğində cərimə edilib (Sumqayıtda ağac kəsilən ərazidə ETSN ağac əkib)
17 Oktyabr 2013, 00:00
Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət Parkında ağacların yandırıldıqdan sonra kəsilməsi ilə bağlı mətbuatda yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları tərəfindən dərhal yerindəcə araşdırılmış, təxminən 800 m2 sahənin yanması,
150 ədəd şam və sərv ağacının yandıqdan sonra kəsilməsi faktı müəyyən edilmişdi. Yanğının baş vermə səbəbləri və ağacların kəsilməsində təqsirkar şəxslərin müəyyən edilməsi məqsədilə ETSN-nin müvafiq qurumu tərəfindən hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərilib. Eyni zamanda faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də araşdırmaları davam etdirib. Sumqayıt şəhəri, Nəsimi adına Mədəniyyət və İstirahət parkının rəhbərliyinın müəssisənin balansında olan Sumqayıt şəhərinin mərkəzi hissəsindəki böyük bir yaşıllıq sahəsinin yanmasının qarşısını vaxtında almadığı, sonradan isə ağacların kütləvi surətdə kəsilməsinə göz yumduğu məlum olub.
Balansındakı yaşıllıqların mühafizəsini lazımi səviyyədə təmin etmədiyi, yaşıllıq sahəsinin yanmasının qarşısını vaxtında almadığı, ağacların kəsilməsinə göz yumduğu, onlara yetərli qulluq göstərmədiyi, yaşıllıqların baxımsız vəziyyətə düşməsinə biganə qaldığı üçün Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət Parkı ETSN-nin əməkdaşları tərəfindən hüquqi şəxs qismində inzibati qaydada 40 min manat məbləğində cərimə edilib.
Eyni zamanda bununla bağlı lazımi tədbirlər görmədiyi, səmimi mövqe tutmadığı, görülməli tədbirləri vaxtında həyata keçirmədiyi, prinsipiallıq göstərmədiyi üçün ETSN-nin Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisinə şiddətli töhmət verilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bayram günlərində, 15-16 oktyabr tarixlərində sözügedən ərazidə iməcilik təşkil edərək sahəni tör-töküntüdən təmizləyib və yerində 100-dən artıq ağac əkib. Bu sahəyə maraqlı şəxslərin yenidən müdaxiləsi ehtimalı nəzərə alınaraq ərazi ETSN tərəfindən nəzarətə götürülüb.