Xəbərlər

ETSN dağ kəndləri əhalisinin də içməli su təhcizatını yaxşılaşdırır

10 Oktyabr 2013, 00:00

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlər Proqramı”nın icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Tədbirlər Planı”nın (2011-2015-ci illər) aidiyyəti bəndinə əsasən və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Nazirliyin Milli Geoloji Kəşfiyyat
Xidməti respublikanın dağlıq bölgələrində yaşayış məntəqələrinin içməli, təsərrüfat və məişət məqsədli suya artan tələbatını ödəmək üçün etibarlı yeraltı su mənbələrinin axtarışı istiqamətində geoloji-kəşfiyyat işlərini davam etdirir.

Belə ki, 2010-2013-cü illər ərzində Milli Geoloji Kəşfiyyat Xidmətinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası tərəfindən Lerik rayonu ərazisində çat məsamə tipli şirin və az minerallaşmaya malik yeraltı su mənbələrinin axtarışı və ehtiyatlarının ilkin qiymətləndirilməsi məqsədilə kompleks tədqiqatlar həyata keçirilmiş, rayonun Anzolu, Monodigah, Qələbin, Siyov, Soru, Əliabad, Gürdəsər və Lerik yaşayış məntəqələrində dərinlikləri 150-160 metr olan 8 axtarış-kəşfiyyat quyusu qazılmışdır.

Qazılmış bu axtarış-kəşfiyyat quyularından müsbət nəticələr alınmış, geofiziki və hidrogeoloji tədqiqatlar aparıldıqdan sonra su nümunələri Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Sahələrarası Kompleks Tədqiqatlar Mərkəzinin laboratoriyasında tam kimyəvi analiz olunmuş və suların keyfiyyətinin beynəlxalq standartların (içməli su) tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.

Bu yaşayış məntəqələrində qazılaraq istismara hazırlanmış su quyuları təmənnasız olaraq yerli əhalinin istifadəsi üçün təhvil verilmişdir. Hazırda həmin kəndlərin əhalisi etibarlı keyfiyyətə malik ekoloji cəhətdən saf yeraltı su mənbələrindən istifadə edir.
2014-cü ildə bu istiqamətdə tədqiqatlar Yardımlı rayonu ərazisində davam etdiriləcəkdir.
Qeyd edək ki, Lerik rayonunun Anzolu, Monodigah, Qələbin, Siyov, Soru, Əliabad, Gürdəsər və Lerik yaşayış məntəqəsində bu sudan istifadə edən əhalidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ölkə Prezidentinin və ETSN-nin ünvanına təşəkkür məktubları daxil olur və Nazirliyin saytında yerləşdirilir (http://eco.gov.az/mektublar.php).