Xəbərlər


“Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində iqlim dəyişmələrinə həsr olunan görüş keçirilib

25 Noyabr 2026, 17:20

“Yaşıl dalğa: Gələcəyə töhfə” layihəsi çərçivəsində növbəti maarifləndirici görüş təşkil olunub. “İqlim dəyişmələri: çağırışlar və həllər” mövzusuna həsr olunan görüşdə iqlim dəyişmələrinin yaratdığı ekoloji problemlər, onların təsirlərinin azaldılması yolları və müxtəlif sahələrdə tətbiq oluna biləcək həll mexanizmləri müzakirə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən tədbirdə 6 saylı Bakı ASAN Xidmət Mərkəzinin təşəbbüsü ilə “ASAN” könüllüləri və ekokönüllülər iştirak ediblər. Görüşdə ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisi Aygün Nərimanova mövzu ilə bağlı təqdimatla çıxış edib.

Təqdimatda iqlim dəyişmələrinə səbəb olan əsas amillər, qlobal miqyasda müşahidə edilən ekoloji dəyişikliklər və onların ətraf mühitə təsirləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, istixana qazı emissiyalarının azaldılması, iqlim risklərinə uyğunlaşma, beynəlxalq iqlim gündəliyinin prioritetləri və Azərbaycanın bu sahədə həyata keçirdiyi tədbirlər diqqətə çatdırılıb.

Görüşün praktiki hissəsində iştirakçılar energetika, sənaye, kənd təsərrüfatı və tullantıların idarə olunması sahələri üzrə qruplara ayrılaraq müvafiq tapşırıqlar üzərində çalışıblar. Qrup işləri çərçivəsində hər bir sahədə iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün mümkün həllər ətrafında müzakirələr aparılıb.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində interaktiv formatda keçirilən görüş gəncləri maraqlandıran sualların cavablandırılması və fikir mübadiləsi ilə yekunlaşıb.