Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib
19 Noyabr 2026, 18:35
20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən Qobustan şəhəri E.Vəliyev adına 2 nömrəli, İsmayıllı şəhəri İ.Həsənov adına 1 nömrəli, Göyçay rayonu M.Füzuli adına 6 nömrəli tam orta ümumtəhsil məktəblərinin, eləcə də Bərdə rayonunun Güloğlular və Lerik rayonunun Piran kənd məktəblərinin şagirdləri ilə maarifləndirici görüşlər keçirilib.
Görüşlər zamanı uşaqlara təbiətin qorunmasının hər kəsin gündəlik həyatından başlayan bir məsuliyyət olduğu izah edilib. Ətraf mühitin mühafizəsi, tullantıların çeşidlənməsi, təkrar emalın əhəmiyyəti və təbii resurslardan səmərəli istifadə ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, hər bir uşağın təmiz, sağlam və təhlükəsiz ətraf mühitdə yaşamaq hüququna malik olduğu, bu hüququn qorunmasının uşaqların sağlam gələcəyinin və rifahının təmin olunmasında mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.